Latviya Azərbaycana sənaye, əczaçılıq və turizmlı bağlı əməkdaşlıq təklif edir

Müəllif: --------------- 06-01-2017

 

Latviya Azərbaycana ekoloji təmiz texnologiyalar, qida sənayesi, əczaçılıq, sağlamlıq turizmi sahələrində əməkdaşlıq imkanlarına baxmağı təklif edir.

Trend-in Azərbaycanın Latviyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, bunu Latviyanın nəqliyyat naziri Uldis Auqulis Riqada İqtisadi, elmi-texniki, mədəni əməkdaşlıq üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyanın VI iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Latviyanın vacib iqtisadi tərəfdaşıdır: "İki ölkənin əməkdaşlığının prioritet istiqamətləri əmtəə dövriyyəsinin artırılması, birgə investisiya layihələri, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, təhsil, kənd təsərrüfatı, inşaat, turizm və səhiyyə sahələrində əlaqələrdir".

Hökumətlərarası komissiyanın Azərbaycandan olan həmsədri, nəqliyyat naziri Ziya Məmmədov isə deyib ki, iki ölkə arasında münasibətlər genişlənir: "Avropa İttifaqının üzvü olan Latviya ilə əməkdaşlıq bizim üçün vacibdir. Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli şərait yaradır və Latviyanın dövlət və özəl strukturları ilə əməkdaşlıq üçün geniş imkanlar açır".

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanıb. Protokolda qeyd olunur ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan mal və xidmətlərin Latviya bazarlarında idxalı, ixracı və satışı, eləcə də Latviya şirkətlərinin həmin ərazilərdə hər hansı iqtisadi fəaliyyəti Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq baxımından qanunsuzdur.

Sənəddə həmçinin qeyd olunub ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsullar Azərbaycanın müvafiq qurumlarından sertifikat alınmadan Latviyaya buraxılmayacaq.

Müəllif: --------------- 06-01-2017